Nihad Muradovun beynəlxalq hakim kimi ilk sınağı

Rusiyanın Vladiqafqaz şəhərində olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib. Ənənəvi yarışda 16 yaşadək güləşçilər mübarizə aparıb. 15 ölkədən 300-dən çox idmançının çıxış etdiyi turnirdə təmsilçilərimizdən Elvin Nəcəfzadə (85 kq) və Cavanşir Süleymanov (44 kq) qızıl medal qazanıblar.
Naxçıvan Şəhər Uşaq-Gənclər və İdman Məktəbinin müəllimi Nihad Muradov isə ölkəmizi turnirdə hakim qismində təmsil edib. Ötən ay III dərəcəli beynəlxalq hakim adına layiq görülən Nihad Muradov bu statusla ilk beynəlxalq turnir təcrübəsini yaşayıb. O, yarışın müxtəlif mərhələlərində, o cümlədən yarımfinal və final görüşlərində baş hakim qismində çıxış edib.
Xatırladaq ki, N.Muradov bu il may ayında Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatında da hakimlik etmişdi.